Şuşanın işğalında subyektiv amillər böyük rol oynayıb - Əlisaab Orucov

11:22 11.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Müstəqil Azərbaycan Respublikasının ilk ədliyyə naziri olmuş Əlisaab Orucovla «Həftə içi» üçün budəfəki söhbətimizdə o, Prezidentin keçmiş Dağlıq Qarabağ və Ermənistanla sərhədyanı bölgələr üzrə səlahiyyətli nümayəndəsi kimi 31 il öncə - 1992-ci ilin mayında Şuşa və Laçının işğalı ərəfəsində və həmin günlərdə şahidi olduğu fakt və hadisələr, işğalın qarşısının alınması üçün görə bildiyi tədbirlər, həmçinin sözügedən bölgələrin işğalının səbəbləri barədə danışdı.

–  1992-ci ilin mayında Şuşa və Laçın rayonları işğal edilən dövrdə siz Prezidentin keçmiş Dağlıq Qarabağ və Ermənistanla sərhədyanı bölgələr üzrə səlahiyyətli nümayəndəsi olmusunuz. Ovaxtkı olay və prosesləri müşahidə etmiş bir vəzifəli şəxs kimi Şuşa və Laçının işğalına əsas səbəbləri haqda hansı qənaətə gəlmisiz?

–   Qeyd etdiyiniz kimi,  mən 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuşam... Belə qənaətə gəlmişəm ki, Şuşa və Laçın rayonlarının işğalına səbəblər arasında obyektiv amillərdən çox məhz  subyektiv amillər  böyük rol oynayıb.  Bunlardan biri də 1992-ci il aprelin 27-də Zəngilandan Qafan-Meğri istiqamətində keçirilmiş əməliyyatın durdurulması idi.  Belə ki, bir gün öncə - aprelin 26-da Ermənistan ordusu hücuma keçərək Zəngilanın  bir neçə kəndini ələ keçirmişdi. Xəbəri eşidən kimi Ağdamdan həmin rayonun Şayıflı kəndinə yollandım. Düşmənin bu hücumuna qarşılıq olaraq  Prezidentin səlahiyyətli nümayəndəsi kimi mənim tövsiyəm və hərbi hissə komandiri polkovnik- leytenant İldırım Məmmədovun əmri ilə Qafan-Meğri istiqamətində genişmiqyaslı hücuma başladıq. Az sonra artıq işğal edilmiş kəndlərimizi azad etdik və üstəlik, Ermənistan ərazisindəki bir neçə kəndi və Qafan şəhərini tam nəzarətə götürdük. Təəssüf ki, hərbi-siyasi komandanlığın əmri ilə belə uğurlu əməliyyatı yarımçıq saxlayıb sərhədlərimizədək geri çəkilməyə məcbur olduq...

Əslində, bu əməliyyatın keçirilməsində məqsəd öncə Zəngilanın kəndlərini işğal etmiş erməni ordusunu geri oturdub dərsini vermək, ikincisi də Xocalının işğalı və oradakı soydaşlarımızın dəhşətli soyqırımına məruz qoyulmasından sonra düşmənlərimizin Şuşa üzərinə hazırladıqları işğal planını pozmaq, həmin hücuma hazırlaşan düşmən qüvvələrini parçalamaq və nəticədə Şuşa ətrafında və Yuxarı Qarabağda topladıqları qoşunlarının xeyli hissəsini Ermənistan ərazisinə keçirilməsinə nail olmaq olmuşdu. Üçüncüsü də, əgər o vaxt düzgün qərar verə bilən komandanlıq olsaydı, Naxçıvandakı qoşunlarımıza da hücum əmri verib hazırda açılması böyük problemə çevrilmiş Zəngilan-Meğri-Naxçıvan yolunu, başqa sözlə, Zəngəzur dəhlizini açmaq olardı...

Şuşa və Laçının işğalına aparan digər subyektiv və zənnimcə, əsas amil Müdafiə Nazirliyi tərəfindən həmin bölgədəki hərbi birləşmələrdə aparılmış səbatsız struktur və kadr dəyişiklikləri olub. Belə ki, 1992-ci il aprelin sonunda müdafiə naziri Rəhim Qazıyev  Şuşa və Laçın ərazisindəki briqadaya komandirlik edən, sonradan general-mayor rütbəsinə layiq görülmüş polkovnik Zaur(yaxud Zadir) Rzayevi  polkovnik-leytenant Elbrus Orucovla əvəzləyir, Zaur Rzayev isə Kəlbəcər istiqamətinə göndərilir. Nazirin 30 aprel 1992-ci il tarixli 0151 saylı əmri ilə isə 1988-ci ildən bəri Laçın rayonunun həm Ermənistan, həm də keçmiş Dağlıq Qarabağ istiqamətindən müdafiəsini təşkil edən Arif Paşayevin komandirlik etdiyi 811 saylı hərbi hissəni, yəni əlahiddə Laçın dağ-atıcı alayını ləğv edərək o, yeni briqada komandiri Elbrus Orucovun tabeliyinə verilir...

Şuşa və Laçının işğalı ərəfəsindəki və sonrakı hadisələrin  təhlili göstərir  ki, Şuşanın  işğalından az əvvəl Zaur Rzayevin Elbrus Orucovla əvəzlənməsi, eləcə də Laçın alayının ləğvi və nəticədə hərbi birləşmələrdə pərakəndəlik yaranması həmin bölgələrin işğalına şərait yaradıb. Əgər Zaur Rzayev briqada komandiri kimi Şuşa və Laçın ərazilərində qalsaydı, həmin bölgələr heç bir vaxt işğal olunmazdı. O, artıq bir müddət bəhs edilən bölgələrdə olduğundan həmin ərazilərin əməliyyat və relyef şəraitini də mənimsəmişdi.

– 1992-ci il yanvarın sonundan başlayaraq, həmçinin Şuşa və Laçının işğalı günlərində də Baş Qərargah rəisi olmuş general-mayor Şahin Musayevlə tanışlığınız var idimi? Onu bir hərbçi kimi necə tanıyırdınız?

–   Ovaxtkı müdafiə naziri Rəhim Qazıyev sonrakı açıqlamalarında 1992-ci il aprelin 30-da Laçın alayının ləğv olunmasıyla bağlı əmrin verilməsinə əsas səbəbkar kimi məhz Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Şahin Musayevi günahlandırır. Yaxından tanımasam da, Prezidentin səlahiyyətli nümayəndəsi kimi fəaliyyətə başlayan günlərdən  işimlə bağlı onunla hərdən telefon əlaqəsi saxlamalı olurdim. Bilirdim ki, o, peşəkar hərbçi və müdafiə nazirinin birinci müavini kimi müharibə zamanı keçirilən bütün əməliyyatlara rəhbərlik etməklə onların uğurla nəticələnməsinə bilavasitə cavabdehdir. Bütün kadr dəyişiklikləri, kadr təyinatlarını Şahin Musayev edirdi. Onun Yevlax şəhərində hərbi qərargahı vardı ki, Şuşa və Laçın işğal olunan dövrdə də oradan hərbi əməliyyatların gedişatına daim tam nəzarət edirdi.  Yadımdadır ki, onun Baş Qərargah rəisi kimi müavini olan Səfər Əbiyev isə çox vaxtlar Ağdam və yaxın bölgələrdəki döyüş əməliyyatlarına nəzarət etməklə məşğul idi...

 Bir sözlə, 1992-ci il yanvarın sonlarından həmin il may ayının 18-dək, yəni Laçın işğal edilən  günlərədək Azərbaycanın Müdafiə Nazirliyinə faktiki olaraq  general-mayor Şahin Musayev rəhbərlik edirdi. Təəssüf ki, Şuşa və Laçının işğalından sonra Şahin Musayev qısa müddətdə cinayət məsuliyyətinə cəlb olunsa da, az sonra Moskva onu özünün qanadları altına alaraq müəmmalı şəkildə Azərbaycandan qaçmasına şərait yaratmışdı... Sonradan –1990-cı illərin sonunda o, Moskvada Rusiya hüquq-mühafizə orqanları ilə birgə aparılmış əməliyyat tədbirləri nəticəsində  Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs olunsa da, Rusiyanın Baş Prokurorluğu Azərbaycanın onun ekstradisiya olunması ilə(təhvil verilməsi) bağlı haqlı tələbini yerinə yetirməmiş və general Şahin Musayev həbsdən azad olunmuşdu.  Bundan sonra  o vaxtkı daxili işlər naziri Ramil Usubov dövlət başçısı Heydər Əliyevin tapşırığı ilə Moskvada Şahin Musayevlə görüşüb ona hakimiyyətin tələblərini çatdırıb və Bakıya dönməsini tövsiyə edib. Lakin Şahin Musayev birmənalı olaraq bildirib ki, “mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Rusiya Ordusu Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər”. Bu barədə sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci ilin mayında "Azərbaycan” qəzetinə müsahibəsində ətraflı danışıb...

Artıq sabiq nazirin bu müsahibəsindən sonra, yəqin ki, artıq heç kəsdə keçmiş Baş Qərargah rəisi Şahin Musayevin “QRU”-nun, yəni Rusiya Ordusu Baş Kəşfiyyat İdarəsinin agenti kimi öz vətəni -Azərbaycana xəyanət etməsi və ən azı, 1992-ci ilin yanvar-fevral aylarında baş vermiş Daşaltı, Malıbəyli, Quşçular, Qaradağlı və s. faciələrindən və Xocalı soyqırımından başlayaraq Şuşa və Laçının işğalında da bilavasitə aparıcı rol oynadığına şübhə qalmayıb. Şuşanın işğalından neçə illər sonra olsa da, o, özü Azərbaycanın daxili işlər naziri ilə söhbətində “QRU” agenti olduğunu etiraf edib...

– Siz işğal ərəfəsində Şuşa və Laçın ərazisində konkret hansı tarixlərdə oldunuz? Həmin vaxt briqada komandiri  Elbrus Orucov şəhərin müdafiəsi üçün tədbirlər görürdümü?

–   Artıq vəziyyətin son dərəcə ağırlaşması ilə əlaqədar 1992-ci il may ayının 4-ü və 5-də öncə Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında oldum. Oralardakı vəziyyəti öyrəndim... Mayın 6-da isə Laçının ön cəbhə xəttinə gedib vəziyyətlə yerində tanış oldum. Ermənistanın Gorus rayonu ilə sərhəd olan torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə xeyli vaxt ərzində bir yerdə olduq. Oradakı ağır hərbi texnikaya, xüsusən də “BTR”-lərə(zirehli trasportyor-ZTR) diqqət yetirəndə  məlum oldu ki, onlardan nasaz vəziyyətdə olanları daha çoxdur. Döyüşçülərimizə söz verdim ki,  mənimlə birlikdə olan Laçın rayonu icra başçısının müavini Səlim Səlimovla sabah Gəncədəki hərbi hissəyə gedib oradakı mexaniklərdən bir neçəsini buraya göndərəcəyəm ki, həmin nasaz zirehli maşınları təmir etsinlər...

Səlim Səlimovla belə qərara gəldik ki, mayın 7-də səhər tezdən Laçından birbaşa Gəncəyə gedək. 1992-ci il mayın 7-də səhər saat 9-da Gəncəyə çıxmağa hazırlaşırdıq ki, həmin vaxt Laçın rayon polis şöbəsinin rəisi olan Akif Səlimov qonaq evinə gəldi. O, məlumat verdi ki, düşmən qüvvələri 1992-ci ilin fevralından bağlanmış Laçın-Şuşa yolunu nəzarətdə saxladıqları  Kiçik Kirs yüksəkliyini mayın 6-dan 7-nə keçən gecə tərk ediblər. Artıq Şuşaya yol açıqdır... Bunu eşidən kimi biz mayın 7-də Şuşaya yollandıq və saat 11 radələrində oraya çatdıq. Şuşanın müdafiəsinə bilavasitə cavabdeh olan iki əsas  şəxsi: briqada komandiri və fövqəladə komendant Elbrus Orucovu və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənovu yerlərində tapa bilmədik. Hərbçilər Elbrus Orucovun Kosalar kəndinə yollandığını söylədilər. Lakin əlaqə saxladığımız Kosalar kəndində də Elbrus Orucovu “gördüm” deyən olmadı. Sanki o, nədənsə mənimlə görüşməkdən qaçırdı?..

Həmin vaxt Şuşada əvvəlki günlərə nisbətən hərbçilərin sayı xeyli azalmışdı. Polis əməkdaşları vasitəsilə vəziyyətlə maraqlandıqda məlum oldu ki, hansısa səbəbdən Milli Ordu əsgərlərinin və könüllü döyüşçülərin xeyli hissəsi məzuniyyətə buraxılıbdır.

Şəhərdə yerləşən hərbi hissənin əsgərləri ilə də görüş keçirdik. Onlar dedilər ki, ATƏT və Qırmızı Xaç Komitəsi nümayəndələrinin Şuşaya gəlişi gözlənilir.  Cavab verdim ki, əgər elə bir şey olsaydı, biz də bilərdik. Heç bir səfər gözlənilmir.

Şuşadakı hərbi briqadada xidmət edən əsgər və döyüşçülərin sayının azalmasını bildikdən sonra real  hücum təhlükəsi ilə üz-üzə qalan şəhərin etibarlı müdafiəsinin təşkil olunması, yəni əlavə qüvvələrin göndərilməsi məqsədi ilə telefonla müdafiə naziri Rəhim Qazıyev və  Baş Qərargah rəisi Şahin Musayevlə danışdım.

Rəhim Qazıyev tələblərimə təmkinlə cavab verərək hər şeyin nəzarətində olduğunu və bilavasitə özünün Şuşanın müdafiəsi ilə bağlı mümkün tədbirləri görəcəyini söylədi. General Şahin Musayev isə müdafiə nazirindən fərqli olaraq sual və tələblərimə kobud cavab verib etirazını bildirərək “Siz kimsiniz ki, mənə əmr edirsiniz” dedi.

1992-ci il mayın 7-də Şuşadan apardığım telefon danışıqlarında Rəhim Qazıyev və Şahin Musayevdən ATƏT və Qırmızı Xaç Komitəsi nümayəndələrinin Şuşaya gəlib-gəlməyəcəklərini də soruşdum. Cavab verdilər ku, yaxın günlərdə belə bir tədbir nəzərdə tutulmur...

Biz  Laçın rayon icra başçısının müavini Səlim Səlimovla birgə Şuşadan mayın 7-si saat 17 radələrində çıxdıq. Öncə dediyim kimi, Laçın rayonunun Ermənistanla sərhədində dayanan ZTR-lərin təmirini təşkil etmək məqsədi ilə Ağdamdan keçməklə Gəncəyə yollanmalı idik...

– Bəs Şuşada olarkən həmin vaxt Prezident səlahiyyətlərinin həyata keçirən Yaqub Məmmədovla əlaqə saxlayaraq mövcud durum barədə onu da xəbərdar edə bildinizmi?

–   Faktiki dövlət başçısı Yaqub Məmmədov həmin günlər İran İslam Respublikasında rəsmi səfərdə olub. 7 may 1992-ci il axşam saat 19 radələrində o,Tehranda İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti Levon Ter-Petrosyanla  bir araya gəlib imzaladığı sənədin 3-cü bəndində nəyin nəzərdə tutulduğunu bilməyib. Özünün sonralar izah etdiyi kimi, “həmin sənəd fars dilində tərtib olunduğundan orada nə yazıldığından” xəbəri olmayıb. Əslində isə bəhs edilən sənədin 3-cü bəndində Laçın dəhlizinin “himanitar dəhliz” kimi Qarabağda məskunlaşmış ermənilərə güzəşt edilməsi nəzərdə tutulmuşdu... Məhz sözügedən sənəd Tehranda imzalandıqdan 5 saat sonra bütün  istiqamətlərdən genişmiqyaslı hücuma başlayan erməni-rus birləşmələri Şuşanı, onun ardınca Laçını və sonra da hər iki dəhlizdən istifadə edərək bir neçə rayonumuzu işğal etdilər...

Mayın 8-də səhər saat 7 radələrində Ağdamda qaldığım binanın 3 metrliyinə “Qrad” mərmisi düşdü və bundan sonra məlum oldu ki, erməni silahlı birləşmələri Şuşaya hücuma keçiblər. Bakıya zəng edib baş nazir Feyruz Mustafayevlə əlaqə saxladım... Sonra Ağdam aeroportuna yenicə düşmüş vertolyotların Şuşada bir neçə gün düşmənə qarşı döyüş keçirəcəklərini güman edib ətraf rayonlardan əsasən də Yevlaxdan əlavə ehtiyat benzin və vertolyotlar üçün “NURS” mərmiləri gətizdirdim. Elə hesab edirdim ki, vertolyotlar Şuşanın müdafiəsini təmin etməyincə döyüş meydanını tərk etməyəcəklər. Həmin gün Ağdam aeroportunun dispetçeri Rəşid  Xankişiyevdən Şuşa istiqamətinə uçub düşmənə zərbə vurmalı olan hərbi vertolyotların uçuşu ilə əlaqədar arayış aldım. Arayışda qeyd olunurdu:

“Bu gün, mayın 8-də Şuşa şəhəri mühasirədə olarkən Müdafiə Nazirliyinin sərəncamında olan hərbi vertolyotlar Ağdam aeroportuna qəbul edilmişdir.  “Mİ-24” vertolyotlarının 4 ədədi saat 11:09-da bir ədədi isə saat 12:04-də Ağdam aeroportuna  enmişdir. Onlar cəmi 3 dəfə Şuşa istiqamətində havaya qalxmış və təxminən saat 17:35-də “işlərini bitirib” gün başa çatmamış Yevlax aeroportuna  uçmuşlar”...

 Beləliklə, həmin vertolyotlar Şuşanın müdafiəsi ilə bağlı heç bir iş görə bilmədilər. Əksinə, onlar Şuşada öz mövqelərimizi atəşə tutmuşdular. Vertolyotlardan bir neçəsi Şuşada döyüş gedən mövqelərə çatmadan və ora yaxın düşmədən, Əsgəran rayonunun Naxçıvanlı kəndinin ətrafına dövrə vuraraq geri qayıtmışdı. Onların bəzisi də mərmiləri həmin kəndinin əkin sahələrinə boşaltmışdı...

 Həmin günlər Baş Qərargah rəisi olan general-mayor Şahin Musayevin məhz Yevlax şəhərində qərargahı var idi və o, oradan bütün cəbhə boyu hərbi əməliyyatlara nəzarət edirdi. Sözsüz ki, hərbi vertolyotlar da Şuşaya onun əmri ilə uçmuş və onun əmri ilə də “vəzifələrini yerinə yetirərək” geri dönmüşlər...

 Şuşanın icra başçısı Nizami Bəhmənovla telefon əlaqəsi saxlayarkən o, dəfələrlə mənə bildirdi ki, Şuşada vəziyyət olduqca ağırdır və Müdafiə Nazirliyi Şuşanın müdafiəsi üçün köməklik göstərmir. O, Şuşanın köməyinə gələn vertolyotların öz mövqelərimizi vurmaları haqqında da məlumat verdi. Mən deyilənlər barədə Rəhim Qazıyevə telefonla məlumat verəndə o, cavab verdi ki, özü bu işlə bilavasitə məşğuldur. Müdafiə naziri, həmçinin orada Şuşanın müdafiəsi  üçün kifayət qədər hərbi qüvvə və texnikanın olduğunu bildirdi...

Tehrandan qayıdan Yaqub Məmmədovun Bakı aeroportunda olmasını bilib, mayın 8-də onunla da telefon əlaqəsi saxladım. O bildirdi ki, Rəhim Qazıyev Şuşanın özümüzdə olmasını və şəhərin müdafiəsini lazımi qaydada təşkil etdiyini ona məruzə etmişdir...

 Mayın 8-i axşam saat 17:45-dən sonra respublikanın Şuşa ilə telefon əlaqəsi kəsildi...

Beləliklə, keçmiş Dağlıq Qarabağın azərbaycanlılar üçün axırıncı dayağı olan Şuşa şəhəri də düşmən qüvvələrinin əlinə keçdi və xəyanətin qurbanı oldu...

–   Əlisaab müəllim, artıq Şuşanın işğal edilməsi haqda məlumat tam dəqiqləşdirildikdən sonra bu tarixi, qədim şəhərimizin, Qarabağdakı təbii qalamızın düşməndən azad olunması üçün faktiki dövlətin başçısı olan Yaqub Məmmədov və onun səlahiyyətli nümayəndəsi kimi siz hansısa tədbirlər görə bildinizmi?

(Davamı var)

Sultan Laçın